• HADİSƏ

    11:36 15 mart 2019

Səhiyyə Nazirliyi Şəki xəstəxanasında işdən çıxarılanlarla bağlı açıqlama verib

“Şəki Mərkəzi Rayon Xəstəxanasında 1400 işçi çalışır. O 1400 işçinin müəssisə rəhbəri ilə hər hansı bir mübahisəli məsələsinə nazirlik qarışmalı deyil”.

Bu fikirləri ONA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov səsləndirib.

O bildirib ki, əgər işdən çıxarılan tibb işçisindən ərizəni baş həkim məcburi alıbsa və o, öz xoşu ilə ərizə yazmayıbsa, o zaman məhkəməyə müraciət etməlidir: “Hüquqi dövlətdə yaşayırıq, Şəki Rayon Məhkəməsinə gedib deməlidir ki, məni haqsız işdən çıxarıblar. Məhkəmə qərar versə ki, o qadın etik davranış qaydalarını pozmayıb, onun ərizəsi məcburi alınıb, o qərarla da gəlib işə bərpa oluna bilər. Amma o xanım məhkəməyə müraciət etmək yerinə, televiziyalara üz tutub. Ona görə də əgər işə qayıtmaq istəyirsə birinci məhkəməyə getməlidir. Yox, əgər məşhur olmaq istəyirdisə, artıq məşhur oldu”.

Qeyd edək ki, müğənni Afət Fərmanqızının ifa etdiyi mahnıya məzəli videoçarx hazırlayan Şəki Mərkəzi Rayon Xəstəxanasının 5 əməkdaşı işdən qovulub. İşdən çıxarılan tibb bacısı İlahə İsrafilova iddia edib ki, xəstəxananın baş həkimi Elçin Əmirov belə bir addım atdıqları üçün onlara məcburi şəkildə işdən çıxma haqqında ərizə yazdırıb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR