Şəkidə 500 hektar taxıl sahəsi yanıb, 4 fərdi yaşayış evinə ziyan dəyib.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Aydınbulaq kənd inzibati ərazisində taxıl sahələrində başlayan yanğın
axşam saatlarında tam söndürülüb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Şəki və ətraf rayonları DYMH-nin 9 yanğınsöndürən maşınları və 100 nəfərdən çox şəxsi heyətləri cəlb edilib. Yanğının söndürülməsində Aydınbulaq kənd sakinləri də yaxından köməklik göstərib.
Hava şəraitinin küləkli olması səbəbindən yanğın geniş miqyas alaraq, ətraf İbrahimkənd və Əlyar kəndlərinin inzibati ərazilərindəki biçilmiş taxil sahələrinə də keçib. Yanğın nəticəsində ümumilikdə 400 hektar biçilmiş, 20 hektara yaxın biçilməmiş taxıl taxıl sahələri yanıb.
Aydınbulaq kəndində kənd sakinlərinə məxsus 4 fərdi yaşayış evinin həyətyanı sahəsi yanıb, evlərə qismən ziyan dəyib. Bir nəfər kənd sakini yüngül yanıq xəsarətləri alıb. Həmin şəxsə Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
Eyni saatlarda rayonun Cəfərabad kəndində də biçilmiş taxıl sahələrində yanğın baş verib. Əraziyə yanğının söndürülməsi üçün 4 yanğınsöndürən maşın və 50 nəfər şəxsi heyət cəlb edilib. Cəfərabad kəndində baş verən yanğın nəticəsində 60 hektar biçilmiş taxıl sahəsi yanıb. Biçilməmiş taxıl sahələrinə yanğının keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.