Bakı şəhər, Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin direktoru Sevinc Abbasova barəsində seçilmiş məhkəmə qərarından apelyasiya şikayəti verməkdən imtina edib.
ONA-nın xəbərinə görə, o, Səbail Rayon Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə müraciət etmək hüququndan istifadə etməyib.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasova xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.
Sevinc Abbasova 15 aprel 2019-cu ildə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva özünü üçüncü mərtəbədən atıb. Bu hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Bundan sonra məktəbin direktoru Abbasova Sevinc Kamil qızı işdən kənarlaşdırılıb. Daha sonra isə işdən çıxarılıb. Onunla bərabər tərbiyə işləri üzrə direktorun müavini və psixoloq da vəzifəsindən azad edilib.