Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin “Aztikintiyol” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
ONA-nın xəbərinə görə, Şirvan İnzibati-İqtisadi Məhkəməsinə verilən iddia ərizəsində “Aztikintiyol” MMC tərəfiindən Qəbələ rayonunun Savalan kəndi ərazisində, qaz kəmərinin mühafizə zonasında kəmərdən 45 metr məsafədə inşa edilmiş gözətçi evinin və kəmərdən 41 metr məsafədə yerləşmiş vaqon evciklərin cavabdehin öz vəsaiti hesabına tam sökülməsi tələb olunur. Eyni zamanda həmin tikilinin mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması şikayətdə öz əksini tapıb.
Hakim Orxan İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi və ona aid olan sənədlər geri qaytarılıb. Qərarda göstərilib ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.
İddia ərizəsinə görə, iddiaçının iddia tələbi üzrə cavabdeh “Aztikintiyol” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilinin ünvanı Qəbələ rayonunun Savalan kəndidir. Cavabdehin ünvanı ərazi aidiyyət baxımından Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid deyil.