• HADİSƏ

    12:18 28 mart 2019

STP poladəritmə sexində baş verən hadisədə ölən və xəsarət alanların xərclərini qarşılayıb

Sumqayıt Texnologiyalar Parkı (STP) martın 22-də poladəritmə sexində baş verən bədbəxt hadisəyə münasibət bildirib.

STP-nin mətbuat katibi Rəşad Əliyev ONA-nın yerli bürosuna açıqlamasında bildirib ki, poladəritmə zamanı qaynar metal ərintisi yüksək təzyiqlə sıçrayaraq qazanın ətrafında dayanan 4 nəfərə xəsarət yetirib. Zərərçəkənlərdən biri sıçrama yerinə yaxın olduğu üçün xəsarəti ağır olub və daha sonra xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin vəziyyəti normaldır və onlardan biri artıq işə çıxır.

R.Əliyev qeyd edib ki, hadisə ilə bağlı aidiyyəti dövlət qurumları araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra hadisənin səbəbləri barədə dəqiq məlumat veriləcək.

İşçilərin bayram vaxtı əmək məcəlləsində uyğun olaraq qanun çərçivəsində növbəli iş rejimində çalışdıqlarını vurğulayan R.Əliyev onların hər birinin icbari sığorta olunduğunu qeyd edib: “Bununla yanaşı, şirkətimiz xəsarət alanların və dünyasını dəyişən əməkdaşımızın bütün xərclərini qarşılayıb, bundan sonra da lazımı dəstək göstəriləcək. Rəhmətə gedən əməkdaşımız Minyaz Seyidəliyevin yaxınlarına bir daha baş sağlığı verir, xəsarət almış Mürşüd Məmmədov, Vüqar Cəlilov və Ceyhun Qaraşova Allahdan şəfa diləyirik”.

Ramil Zeynallı

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR