Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan ONA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və oraya baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.