Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Əhəd İsmayılov və oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi vəsatət qaldıraraq, təqsirləndirilən şəxslərə daha ağır ittiham verilməsini istəyib. Buna görə işin prokurorluğa qaytarılmasını istəyib.
Məhkəmə vəsatəti təmin edib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, 2017-ci ildə Sumqayıt sakinləri, 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Onlar xəstəxanaya çatdırılsa da, R.Həbibov 4 gün sonra xəstəxanada ölüb. Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb. Məlum olub ki, hadisədə iştirak edən şəxslər qonşu olublar.
Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qətlə yetirilən R.Həbibovun idmançı olduğu bildirilir.