• HADİSƏ

    10:44 28 mart 2019

Sumqayıtda sexdə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Sumqayıt şəhər Prokurorluğu martın 22-də baş verən partlayışla əlaqədar açıqlama yayıb.

ONA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, martın 22-də Sumqayıt şəhəri ərazisində yerləşən «STP-3 Metaləritmə» zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə Sumqayıt şəhər polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla həmin gün saat 13:00 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunub.

Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşov və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Minyaz Seyidəliyev aldığı xəsarətlərdən martın 27-də müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hadisənin səbəbləri və təqsirkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

* * *

Saat 10:01

Sumqayıt şəhərində yerləşən poladəritmə sexində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

ONA-nın yerli bürosunun məlumatına görə, İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınan və ölümlə nəticələnən hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, martın 22-də sexdə baş verən partlayış nəticəsində 4 nəfər - 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu yanıq xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. M.Seyidəliyev xəstəxanada ölüb.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR