Sumqayıtda soyğunçuluq faktının üstü isti izlərlə açılıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini Nərgiz Abbasova Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edərək ona məxsus 860 manat pulun marşrutda oğurlandığını bildirib. Polis əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1979-cu il təvəllüdlü Ceyhun Əhmədli olduğu müəyyən olunub. Saxlanılan şəxs 25 nömrəli marşrut avtobusunda qadına qarşı soyğunçuluq etdiyini etiraf edib.
Davam etdirilən əməliyyat tədbirləri zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda vətəndaş Ülkər Məmmədovadan 50 manat pul, dəyəri 350 manat olan mobil telefon, Lalə İbrahimovadan 1 ədəd telefon və Şəmrus Səlimovadan 640 manat pulu soyğunçuluq yolu ilə əldə edib.
Bu C. Əhmədlinin ilk məhkumluğu olmayacaq. Belə ki, o müxtəlif maddələrlə 8 dəfə məhkumluq həyatı yaşayıb.
Saxlanılan şəxsin əməllərindən zərərçəkənlərin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin (018) 65 4 42 03 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.