Qaradağ rayon Polis İdarəsinin işgəncə etməkdə təqsirli bilinən sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəmə iclaslarına dəfələrlə çağırılmasına baxmayaraq, gəlmədikləri elan olunub.
Buna görə də hakim şahidlərin məcburi gətirilməsi haqqında qərar çıxarıb.
Bildirilib ki, iş üzrə dindirilməmiş 7 şahid qalıb və onların əksəriyyəti təqaüdə çıxmış polis əməkdaşlarıdır.
Proses aprelin 15-dək təxirə salınıb.
Qeyd edək ki, Ə. Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham elan edilib.
Zərərçəkmiş qismində Əli Allahverdiyev tanınıb. Əliqulu Ağaliyevin iştirakı ilə Əli Allahverdiyevə işgəncə verilib.
Əliqulu Ağaliyev barəsində polisin nəzarəti verilmə qətimkan tədbiri seçilib.