"Pilot İnşaat-A" MMC-nin vəzifəli şəxsi Namiq Mirişov barəsində cinayət işi başlanıb.
ONA-nın xəbərinə görə, N. Mirişov şirkətin vəzifəli şəxsi kimi Nəsimi rayonu ərazisində üç çoxmərtəbəli bina üzrə ərazi-planlaşdırma sənədlərində qeyd olunan tələbləri pozub. Binalarda mərtəbələrin sayının layihədə nəzərdə tutulduğundan artıq inşa edildiyi müəyyənləşib.
Faktla bağlı N. Mirişov barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 222-1.1-ci (Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda) maddələri ilə cinayət işi başlanıb.