Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən “Tonqal” restoranın direktoru İlham Qasımovun şikayəti üzrə məhkəmə başa çatıb.
ONA-nın xəbərinə görə, prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib. Qərardan narazı qalan müdafiə tərəfi Ali Məhkəməyə müraciət edib.
Qeyd edək ki, İ. Qasımov Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, 2018-ci il avqustun 11-də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib. Zəhərlənmə ilə bağlı Bakı şəhər Prokurorluğun cinayət işi başlanıb. İ.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.