Tovuz rayonunda ictimai asayişi pozan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Tovuz rayonunun Əyyublu kəndində kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.
Qovlar Polis Bölməsinin ərazidə xidmət aparan əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılıb, sonuncu tüfəngi ataraq qaçıb.
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Eynur Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmaması, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyənləşib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.