Ucarda ağaclar kütləvi şəkildə kəsilir.
ONA-nın yerli bürosunun xəbərinə görə, rayonun Lək kəndində su arxının sağ və sol hissəsində olan, yerli sakinlərə məxsus 20-30 illik 100-ə yaxın müxtəlif növ ağaclar kənd bələdiyyə sədrinin rəhbərliyi ilə bir qrup şəxs tərəfindən kəsilərək məhv edilir.
Bu hadisə yerli sakinlərin böyük narazılığına səbəb olub. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. Vətəndaşları narazı salan əsas səbəb isə rayon ərazisində mövcud olan digər su arxlarının və kollektorların üzərinin tutularaq, bir hissəsinin həyətyanı sahələrə salınması və rayon rəhbərliyi tərəfindən həmin şəxslərə qarşı heç bir tədbirin görülməməsidir.
Lək kənd bələdiyyə sədri Cavid Süleymanov ağacların kəsilməsini Ucar Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə etdiyini deyir. Onun sözlərinə görə, icra başçısının tapşırığına əsasən su arxının sağ və sol hissəsində 3 metrlik məsafədə olan bütün növ ağaclarn kəsilərək ərazidən götürülməlidir.
Ucar Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəbrayıl Tağıyev ağacların Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşma əsasında kəsildiyini deyib. C.Tağıyev qeyd edib ki, buna səbəb su arxının lildən təmizlənməsinə şərait yaratmaq və maneəsiz gediş-gəlişi təmin etməkdir: “Əgər rayon icra hakimiyyətinə rəsmi müraciət olunarsa, digər su arxlarının da lildən təmizlənməsinə mane olan ağaclar kəsiləcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən müraciətə cavab olaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi F.Şükürov bildirib ki, arxın mühafizə zolağında olan ağaclar Nazirlər Kabinetinin 30 noyabr 2018-ci il tarixli 513 saylı qərarına əsasən kəsilib.