• HADİSƏ

    11:47 27 mart 2019

Vəzifəli şəxslərdən pul tələb etməkdə təqsirləndirilən jurnalist məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə başlayıb.

ONA-nın xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə İ.Rəhimov özünü təqsirli bilmədiyini deyib. Sərbəst ifadə verən İ. Rəhimov “Realliq.info” saytını 2016-cı ildə təsis etdiyi deyib. O deyib ki, verilən ittihamı qəbul etmir: "Cinayət işində zərərçəkmiş kimi adı keçən Zakir Hüseynovu mən uzun müddətdir tanıyıram, dost olmuşam. Ona qarşı heç bir hədə-qorxu tələb etməmişəm. Raquf Mirzəyev isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışırdı. Onu qohumum vasitəsi ilə tanımışam, barəsində mətbuatda məlumat olanda məndən xahiş edib ki, onları saytlardan çıxartdırım. Həmin şəxsə qarşı da hədə-qorxu ilə tələb etməmişəm. Mənim saytım dəfələrlə nazirliyin mətbuat xidməti tərəfindən mükafatlar alıb". O, yayılan səs yazısının montaj olduğunu deyib.

Məhkəmə prosesi aprelin 8-nə təyin olunub.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.

Teqlər:

SON XƏBƏRLƏR