• HADİSƏ

    04:05 9 may 2019

"İsrafil Hüseynov" gəmisində qəzada xəsarət alan 14 nəfər xəstəxanaya çatdırılıb - YENİLƏNİB-1 - FOTO - VİDEO

Xəzər dənizində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş insident nəticəsində xəsarət alanlardan 13 nəfəri artıq Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Bir nəfər isə özəl klinikaların birinə yerləşdirilib.

Bu barədə ONA-nın hadisə yerində olan əməkdaşı məlumat verib.

Bildirilir ki, vəziyyəti ağır olan iki azərbaycanlıdan biri xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Bütün yaralıların xəstəxanaya gətirilməsi üçün çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

***

Saat 03:37

Xəzər dənizində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş insident nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb.

ONA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, onlar Mərkəzi Neftçilər Xəstəxanasına gətirilir. Yaralılardan 3 nəfərinin vəziyyəti daha ağırdır. Həmin şəxslərdən ikisi Azərbaycan, biri Malayziya vətəndaşıdır. Digər yaralıların arasında Xorvatiya, Rumıniya və digər ölkələrin vətəndaşları da var.

Yaralılar Ələt qəsəbəsindəki dəniz limanı vasitəsilə sahilə, oradan da Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Onlar artıq müayinə və müalicə tədbirləri üçün nəzarətə götürülüb. Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, yaralıların xəstəxanaya çatdırılması müşahidə olunan kəskin duman səbəbindən bir qədər ləngiyib.

Xatırladaq ki, Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışırlar.

***

Saat 22:27

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib.

ONA-nın xəbərinə görə, bu faktı qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev təsdiqləyib.

Hazırda gəmi ilə davamlı əlaqə saxlanılır. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışırlar.

"Saipem" şirkətindən ONA-ya verilən məlumata görə, hadisə zamanı yanğın müşahidə edilib: "Saipem" şirkəti təəssüflə xəbər veriri ki, 8 may, 18:30 radələrində şirkət tərəfindən əməliyyat işləri aparılan "İsarfil Hüseynov" borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın hadisəsi olub. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hazırda "Citadel" gəmisi vasitəsilə Bakı sahilinə çatdırılması işləri aparılır. Gəminin 01:45 radələrində sahilə çatması gözlənilir. Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq.

Vurğulamaq istərdik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur".

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR