Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı son vəziyyəti açıqlayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Xəbər verildiyi kimi, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.