Aprelin 2-də saat 12:15-də Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Sitalçay kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Agentlikdən ONA-ya verilən məlumata görə, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib, otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd yanmış-partlamış vəziyyətdə 122 mm-lik 9M-22S raketi aşkar olunub və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin ətrafında 1,200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən bu il ərzində 73 siqnal (əməliyyat çağırışı) əsasında 65 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,230 ədəd partlamamış hərbi sursat (PHS), 1,115 ədəd müxtəlif çaplı patron, 8 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 17 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 107,795 kv.m ərazi yerüstü və 7,472 kv.m ərazi yeraltı yoxlanılıb.