Xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə Daxili Qoşunların qüvvələri cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gündən xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmətə cəlb ediliblər. Bakı və Sumqayıtda həyata keçirilən bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib. Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılıb, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.
Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.