Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və müvafiq qüvvələri cəlb olunub.
Yardımlıda baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, avqustun 21-də gecə saatlarında Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında çətin keçilən yüksək dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində əsasən əl əməyindən istifadə olunmaqla lokallaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb. Yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin helikopteri də cəlb olunub. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.