İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun saxlanma anının görüntüləri yayılıb.
APA-nın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.
Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı digər məlumatda qeyd olunur ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanmış sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq pandemiyanın davam etdiyi bu mürəkkəb şəraitdə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin gərgin və fədakar əməyini yüksək qiymətləndirməklə, xidməti səlahiyyətlərinin icrası zamanı ölkə rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən bu sahədə həyata keçirilən tədbirlərə kölgə salmamağa və qanunsuz əməllərə yol verməməyə çağırır.