Yük maşınında aparılan daşın içərisində 8 kq narkotik maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikasına gələn, İran İslam Respublikası vətəndaşı, 1979-cu il təvəllüdlü Golsanamlou Peiman Moharram oğlunun idarə etdiyi 15 A 827 dövlət nömrə nişanlı Renault markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman daş yükünün içərisində şübhəli təsvirlər müəyyən olunub.
15 A 838 nömrə nişanlı qoşquya yüklənmiş mərmərin içərisindəki şübhəli daşa gömrükçülər tərəfindən fiziki baxış həyata keçirilib. Bu zaman 4 ədəd plastik butulkaya yığılmaqla həmin daşın içinə yerləşdirmə üsulu ilə gizlədilmiş 8 kq 169 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Narkotik gizlədilmiş avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikası üzərindən Avropaya gedəcəyi müəyyən olunub.
Fakt üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.