Zaqatalada baş vermiş ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissədə qeydə alınıb.
Balakən rayonunun Katex kənd sakini, 1959-cu il təvəllüdlü Şamsuda Carullah oğlu Osmanovun idarə etdiyi “Shacman” markalı 90-ST-247 dövlət nömrə nişanlı yük maşını ilə “VAZ 2109” markalı 62-BK-865 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Çingiz Hacıbəy oğlu Sulxayev və şəxsiyyəti hələlik dəqiqləşdirilməyən daha bir nəfər aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Minik avtomobilində olan daha bir nəfər - rayonun Qazangül qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rafiq Yunis oğlu Bəkirov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.