Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda rəsmi səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.
Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, Belarusun nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Qonaqlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini də ziyarət edib, önünə güllər düzüblər.
Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarus generalı arasında geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik N. Sadıkov bildirib ki, dövlət başçılarının yaxın dostluq əlaqələri ölkələrimiz və xalqlarımız arasında qədim tarixə, səmimi və qarşılıqlı inam ənənələrinə söykənir: “Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Hərbi-texniki və hərbi təhsil sahələrində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial mövcuddur”.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N. Sadıkov xatırladıb ki, uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb: “Bu münaqişə regional sabitliyə əsas təhlükədir. Əminik ki, Belarus həmişə olduğu kimi bundan sonra da bu münaqişənin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək”.
Belarus xalqının nümayəndəsi, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərərək həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoliy Davidoviçi xatırlayan general-polkovnik N. Sadıkov xalqımızın onu daim hörmət hissi ilə yad etdiyini xüsusi qeyd edib.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən general-mayor O. Belokonev Azərbaycan-Belarus münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qonaq əməkdaşlığın dövlət başçılarının dostluq əlaqələrinə əsaslandığını qeyd edərək Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərin təşkili, iki ölkənin Ordu bölmələrinin iştirakı ilə təlimlərin keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə edilib.
Mərkəzi Komanda Mərkəzinə gələn qonaqlar burada yaradılmış şəraitlə tanış olublar.