Gürcüstanda “NATO-Gürcüstan 2019” adı altında hərbi təlimlər keçiriləcək.
ONA-nın Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan hərbçilərinin də iştirak edəcəyi komanda-qərargah təlimi Tbilisi yaxınlığında NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) və Krtsanisi Milli Təlim Mərkəzində baş tutacaq.
Martın 18-dən start götürəcək təlimlər 29 mart tarixinə qədər davam edəcək. Təlim mərkəzinin açılışı Gürcüstan Müdafiə Nazirliyində baş tutacaq.
Təlimdə NATO-ya üzv və Alyansın tərəfdaşı olan ümumilikdə 24 müttəfiq ölkədən 350-dən çox, eləcə də dörd NATO tərəfdaş ölkəsi - Azərbaycan, Finlandiya, Gürcüstan və İsveç hərbçiləri qatılacaq. Həmçinin Təlimə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamenti (DPKO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) müşahidəçi və mentor qismində cəlb olunacaq.
Xatırladaq ki, “NATO-Gürcüstan 2019” təlimləri ikinci dəfə keçirilir. İlk birgə komanda və nəzarət təlimləri 2016-cı ildə baş tutub.