Azərbaycan Müdafiə nazirinin sabiq müavini vəfat edib
  • HƏRBİ

  • 12:20 10 Avqust 2020

Azərbaycan Müdafiə nazirinin sabiq müavini vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, general-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.

F. Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.

F. Məmmədovun ölümü ilə bağlı Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, general-polkovnik Kərəm Mustafayev, general-leytenant Kərim Vəliyev, general-leytenant Ramiz Tahirov və general-leytenant Nizam Osmanov başsağlığı veriblər.

Allah rəhmət eləsin!

Qeyd edək ki, ötən gün Müdafiə nazirinin daha bir sabiq müavini, general-leytenant Çingiz Məmmədov vəfat edib.

 

OXŞAR XƏBƏRLƏR