• HƏRBİ

    16:38 11 aprel 2019

Ali Baş Komandanın bayrağının hazırlanması, saxlanması və asılması qaydası müəyyənləşib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

ONA-nın məlumatına görə, Əsasnaməyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.

Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı 3 növdə hazırlanır:

- etalon (bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;

- dublikat (bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;

- kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.

Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.

Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun tələblərinə müvafiq olaraq, Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir. Bayrağın hər iki üzünün ortasında Silahlı Qüvvələrin Ali Baş Komandanının emblemi təsvir edilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli həriflərlə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə “SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlib. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir. Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR