“Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirmək planlarımız var”.
ONA-nın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AzTV-yə müsahibəsində bildirib.
Müdafiə naziri qeyd edib ki, Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlərə Pakistanı da cəlb edəcək: “Bu yaxınlarda Pakistanda səfərdə oldum. Qardaş Pakistan xalqının Azərbaycan xalqına yüksək münasibəti var, Azərbaycan hərbçilərini ayaqüstə salamlayırdlar”.
Z.Həsənov nəzərə çatdırıb ki, Türkiyə ordusunun bacarığı yüksək səviyyədədir: “Türkiyənin Silahlı Qüvvələri NATO-nun ən güclü ordularından biridir. Bzim şansımızdır ki, dinimiz, dilimiz birdir və biz bu şansdan yararlanmalıyıq və yararlanırıq. Bu yaxınlarda hərbi hava qüvvələrimiz təlim keçirirdilər. Təlimdə Türkiyənin Hava Qüvvələrinin təcrübəli pilotları bizim Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə sistemlərinə hücum etdi. Bu, bizə lazım idi. Bilməli idik ki, biz bu hücumu dəf edə biləcəyik, yoxsa edə bilməyəcəyik. Bizimkilər bu hücumu dəf etdilər. Qüvvələrimiz döyüş bacarığını təkmilləşdirdilər. Nöqsanlar da var, biz bunları gördük, nəticə çıxardıq və o nöqsanları aradan qaldırdıq”.