Azərbaycanın 2018-ci ildə müdafiə sənayesi üzrə əldə etdiyi nəticələr məlum olub.
ONA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqda hesabatına bildirilir ki, ötən il müdafiə təyinatlı məmulat üzrə yaradılma işlərinin aparılması üçün 103 adda mövzu üzrə təcrübi-konstruktor işləri görülüb, 2 adda məmulatın yaradılma işləri tam başa çatdırılıb və silahlanmaya tövsiyə olunub.
Bundan başqa, xüsusi təyinatlı hücum pulemyotunun, tüfəng patronları üçün 100 patronluq patron qutusu və patron lentlərinin seriyalı istehsalı təşkil edilib: “İki adda avtomat silahının, 2 növ zirehdələn-yandırıcı izburaxan gülləli patronların ixtisaslaşma sınaqlarına başlanılıb və seriyalı istehsalı təşkil ediləcək. Habelə, 2 növ top üçün qəlpəli-fuqas mərmili atəş yığımı, iriçaplı pulemyotlar və top üçün 3 adda lülənin istehsalat hazırlığı işləri başa çatdırılıb”.
Qeyd olunub ki, hazırda müdafiə sənayesi müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin saytı 1200-dən çoxdur: “2019-cu ildə qəlpəli fuqaslı yandırıcı mərmili patronlar, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, snayper tüfəngi, xüsusi təyinatlılar üçün patrul maşını, zirehdələn-yandırıcı-izburaxan gülləli patronlar, müxtəlif növ döyüş sursatları, artilleriya və tank topları üçün mərmilərin gövdələri və gilizləri, avtomatik topun istehsalı mümkün olacaq”.