“Aprel döyüşlərindəki qələbə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi inkişaf və ordu quruculuğu siyasətinin nəticəsi idi”.
ONA-nın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-nin "Günün nəbzi" proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, aprel döyüşləri nəticəsində Ermənistan dövlətçiliyi çöküb: “Azərbaycan Ordusu isə aprel döyüşləri nəticəsində döyüş təcrübəsini və vətənpərvərlik ruhunu daha da yüksəltdi. Keçən dəfə ön xətdəki posta getmişdim. Orda 30 hərbçimiz xidmət edir. Təsəvvür edin, 30 nəfərdən 27-si mənə müraciət etdilər ki, həqiqi hərbi xidmət müddəti bitəndən sonra orduda qalıb xidmətlərini davam etdirmək istəyirlər”.
Z.Həsənov qeyd edib ki, ordunun döyüş hazırlığını yüksəltmək üçün son məhdudiyyət yoxdur: “Dövlətimiz ordunun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün əlindən gələni edir. Bu gün mindən çox silah istehsal edən “Azərsilah” Azərbaycan Ordusunu silahla tam təchiz edir. Artıq bizim silahla təminat baxımından heç bir qayğımız yoxdur və olmamalıdır da. Çünki biz öz torpaqlarımızı işğaldan azad etmək üçün hər an döyüşlərə başlaya bilərik”.