Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin yeni hərbi hissəsi istifadəyə verilib.
DSX-dan ONA-ya verilən məlumata görə, hərbi hissənin açılışı münasibətilə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Ali Baş Komandanın tapşırıqlarını icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını qeyd edib.
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin DSX tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olması xüsusi vurğulanıb, Azərbaycan sərhədçisinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmr və tapşırıqlarını böyük şərəflə icra etməyə hər zaman hazır olması bildirilib.
Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.
Daha sonra hərbi hissəyə baxış keçirilib. Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün xidməti mənzillər, tibb məntəqəsi, texniki təyinatlı binalar, döyüş texnikası parkı inşa olunmuş, 150 metr dərinlikdə artezian quyusu qazılıb. Həmçinin yerli əhaliyə köməklik məqsədilə DSX tərəfindən yeni kənd tibb məntəqəsinin inşası davam etdirilir.
Səfər çərçivəsində DSX-nın rəhbər heyəti düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti ilə tanış olub, sərhədçi əsgərləri Novruz bayramı münasibətilə təbrik edib.