• HƏRBİ

    18:20 27 avqust 2021

Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıları Vətənə qayıdıb - VİDEO

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı bu gün Vətənə qayıdıb.

APA xəbər verir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən hərbçilərimizi Ankaradan gətirən təyyarə Bakıya eniş edib.

Sülhməramlılarımız hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılanma mərasimində Müadafiə Nazirliyinin rəsmiləri, sülhməramlıların ailə üzvləri və KİV nümayəndələri iştirak edib.

Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.

Ötən gün Əfqanıstandan çıxarılan sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb.

Qeyd edək ki, 20 noyabr 2002-ci il tarixindən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.

15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb.

2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib. Həmin ilin fevral ayında Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində fəaliyyət göstərməyə başlayıb. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib.

5 oktyabr 2010-cu il tarixindən etibarən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərmiş və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

2015-ci ilin yanvar ayının 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 9 yanvar 2018-ci il tarixdən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR