2019-cu il martın 5-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonunun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.
ONA xəbər verir ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunan tarixdə Ağköynək kəndinin ərazisinə baxış keçirilib.
Havanın qaranlıq olması nəzərə alınaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatda qeyd olunmuş Cəfərli və Aslanbəyli kəndləri ərazisində əməliyyat-axtarış tədbirləri 2019-cu ilin 06 mart tarixində davam edib, nəticədə Aslanbəyli kəndi ərazisində 2 müxtəlif yerdə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd partladıcı (MUV-4), 1 ədəd tüstü şaşkası (DŞ-11) və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mina və partlamamış hərbi sursatların (PHS) ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar- 6 mart 2019-cu il tarixlərində 51 siqnal (əməliyyat çağırışı) əsasında 44 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,077 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 3 ədəd tank əleyhinə mina zərərsizləşdirilib 42,245 kv.m ərazi yerüstü və 6,042 kv.m ərazi yeraltı yoxlanılıb.