Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq olduğu ehtimal olunan ərazinin minalardan təmizlənməsinə başlanıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, əməliyyat Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılır.
ANAMA əməkdaşları qeyd olunan ərazinin minalarla həddən artıq çirkləndiyini vurğulayıblar.
Bildirilib ki, Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş şəxslərin, onların ailə üzvlərinin ifadəsi əsasında Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olma ehtimalını nəzərə alaraq sözügedən ərazidə axtarışların aparılmasına qərar verilib. Qeyd olunub ki, Aşağı Seyidəhmədli kəndinin bütün ərazisi tamamilə minalanıb.
ANAMA-nın əməkdaşı Habil Babayev bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanların məzarlığının olduğu ehtimal edilən ərazi 4 hektar sahəni əhatə edir. Hazırda həmin ərazi ANAMA tərəfindən minalardan təmizlənir. Ərazidə 10 gün ərzində 59 ədəd tank əleyhinə mina aşkar olunub: “Ərazi minalarla çox çirklənib. Düşmən bilib ki, insanlar öz yaxınlarının məzarlarını axtaracaqlar, ona görə də ərazini kütləvi şəkildə minalayıb. Bu günə qədər ANAMA əməkdaşları 4 hektarlıq ərazinin 15 faizini minalardan təmizləyib. Çox sayda minalar gözlə görünməkdədir. Bu da ona dəlalət edir ki, gələcəkdə bu ərazidə hələ çoxlu sayda minaların çıxması ehtimalı yüksəkdir”.
ANAMA-nın əməkdaşı, Füzuli rayonunun Qazaxlar kənd sakini Bəhruz Behbud oğlu Mahmudov ermənilər kəndlərinə hücum edəndə 11 yaşının olduğunu deyib. İşğal zamanı ona atasının da ermənilər tərəfindən girov götürüldüyünü bildiriblər. Həmin vaxtdan ailəsi Behbud Mahmudovdan xəbər ala bilməyib: “Kütləvi məzarlıq olduğu ehtimal edilən ərazidə atamdan da bir nişanə ilə qarşılaşacağıma ümid edirəm”.
ANAMA-nın digər əməkdaşı Müşfiq Namazov bildirib ki, Ermənistan ordusu ərazidə minaları çox sıx şəkildə basdırıb: “Minalar gözlə görünməyən düşməndir, vətəndaşlarımız təmizlənməmiş təhlükəli yerlərə daxil olmaqdan çəkinməlidirlər”.
O da qeyd olunub ki, ANAMA-nın minatəmizləmə qrupları 44 günlük müharibədən sonra azad olunan ərazilərdə 81 min ədəd partlamamış hərbi sursat və minalar aşkar edib. Bunların 14 mini tank əleyhinə minadır.