Vətən müharibəsində itkin düşmüş 24 hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb.
Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, o cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.