Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə qoşunların təminatı ilə bağlı məlumat yayıb.
ONA xəbər verir ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altında olan torpaqlarımızı qısa müddət ərzində düşməndən azad edib.
Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı Ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatıb.
Hazırda Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan, tam dağıdılmış, viran edilmiş, heç bir infrastrukturun olmadığı və minalanmış ərazilərdə, yeni yerlərdə dislokasiya olunur. Digər dövlət qurumları ilə bərabər Müdafiə Nazirliyinin rəhbərliyi də bu ərazilərdə yerləşdirilən hərbi hissələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində planlı və məqsədyönlü fəaliyyət göstərir.
Onu da nəzərə almaq lazımdır ki, bu işlər yüksək dağlıq, çətin keçilən yüksəkliklərdə sərt qış iqlimi şəraitində, eyni zamanda çöl-meşə coğrafi relyefinə uyğun ərazidə icra olunur. Hərbi hissələrə, mövqe və postlara yeni yollar çəkilir, elektrik, su və qaz xətləri quraşdırılır, şəxsi heyətin yaşayışı və xidməti üçün zəruri məişət şəraiti yaradılır.
Müdafiə nazirinin əmri ilə nazirliyin müvafiq qurumlarının vəzifəli şəxsləri mütəmadi olaraq şəxsi heyətin yanında olur və şəraitə uyğun tələbatlar öyrənilir. Hərbi qulluqçular ərzaq və əşya təminatı normalarına uyğun bütün təminat növləri ilə fasiləsiz təmin olunur. Çöl şəraitində yerləşən bölmələrə əlavə çadırlar, sobalar və digər zəruri avadanlıqlar çatdırılır.
Müxtəlif istiqamətlərdə səyyar mobil hamam-camaşırxana xidmətləri təşkil olunur, hərbi qulluqçular isti geyim formaları, yataq dəstləri, keyfiyyətli ərzaqla təmin edilir. Dağlıq ərazidəki hərbi hissələrin şəxsi heyəti normalara uyğun olaraq yüksək kalorili əlavə ərzaq payı ilə təmin olunur. Bununla yanaşı anbarlarda kifayət qədər ehtiyatlar da mövcuddur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrə xeyli sayda ərzaq məhsullarının çatdırılması bu gün də təmin edilir. Müharibə dövründə olduğu kimi bu təşəbbüsə qoşulan xalqımız, müxtəlif təşkilatlar, şirkətlər, ayrı-ayrı şəxslər tərəfindən Ordumuza hərtərəfli yardım edilir. Əsgərlərimizə ərzaq payı normalarına daxil olmayan qida məhsulları, şirniyyatlar, fərdi gigiyena vasitələri və digər ləvazimatlar çatdırılır. Birinci vitse-prezident başda olmaqla Azərbaycan Ordusuna dəstək olan hamıya Müdafiə Nazirliyinin rəhbərliyi bir daha dərin təşəkkürünü bildirir.
Eyni zamanda hərbi qulluqçuların sağlamlığını diqqətdə saxlamaq məqsədilə hərbi tibbi personal gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir. Azad olunmuş ərazilərimizdə stasionar hərbi tibbi məntəqələr yaradılana qədər tapşırığa əsasən bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.
Qeyd edək ki, Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib. Kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib. Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb.
Bununla belə son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar yayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir.
Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb. Bununla belə dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır.
Müdafiə Nazirliyi hərbi qulluqçuların valideynləri və yaxınlarına müraciət edərək bir daha bildirir ki, onları narahat edən məsələlərlə bağlı müraciətlərini sosial şəbəkələr vasitəsilə deyil, daha operativ həll olunması üçün nazirliyin sutka ərzində fasiləsiz fəaliyyət göstərən (012) 912, (012) 538-61-31, (012) 404-76-34 telefon nömrələri vasitəsilə bildirsinlər.