“Azərbaycan ordusu daim yeni silahlarla təchiz olunur. Biz bu silahları öyrəndikdən sonra biz hərbi təlimlərdə onun döyüş meydanında necə tətbiq olunmasını şəxsi heyətə çatdırırıq”.
ONA-nın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib.
Müdafiə naziri qeyd edib ki, hərbi təlimlərdə digər məqsəd qarşılıqlı əlaqədə döyüşün necə aparılmasının mənimsənilməsidir: “Bu hərbi təlimlərdə şəxsi heyətin qarşısında müxtəlif vəzifələr qoyuram. Təbii ki, nöqsanlar da olur. Hər bir təlimdən sonra qarşıya qoyulan vəzifələr çətinləşdirilir, hərbi təlimlərə daha çox şəxsi heyət, silah cəlb olunur. Məsələn, mən son hərbi təlimlə bağlı tapşırıq qoymuşam ki, şəxsi heyətə döyüş meydanında psixoloji təsiri daha da gücləndirsinlər. Çünki şəxsi heyət bilir ki, bu, təlimdir və təlimdə də özünü bir az rahat hiss edir. Bilir ki, qarşı tərəfdən atəş açan yoxdur. Şəxsi heyətə psixoloji təzyiqi gücləndirmək, şəxsi heyətin özünü döyüş meydanında hiss etməsi, hərbi təlimlərin reallığa daha yaxın olması üçün müxtəlif üsullar var. Aparılan islahatlar nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir. Biz çətin hərbi təlimlər keçirik. Məsələn, mən sovet ordusunda gecə hücumunda maksimum bir tabordan istifadə edirdilər, təlimlər də onun üzərində qurulmuşdu. Alayı gecə döyüşünə çıxardılar, min problem çıxdı. Biz bu gün gecə təlimlərində 3-4 briqadanı döyüşə çıxarırıq. Bu, böyük bir qüvvədir. Bu briqadaları idarə etmək, qarşılıqlı əlaqədə hücumunu təşkil etmək böyük işdir. Hücum 5-10 dəqiqəlik deyil. Sutkalıq vəzifə necə yerinə yetirilir? Artilleriya atəş açır, aviasiya tətbiq olunur, bunlar maksimal səviyyədə qarşılıqlı əlaqədə olmaqla bir-birinə deyil, düşmənə ziyan vurmalıdır. Təlimlərin nəticəsi budur ki, artıq bizim şəxsi heyət bunu bacarır və gunu-gündən öz bacarığını təkmilləşdirir”.