• HƏRBİ

    13:01 4 aprel 2019

Zakir Həsənov: “Azərbaycan müharibə vəziyyətindəki dövlətlərin təcrübələrindən istifadə edir”

“Kadr islahatı əsas istiqamətlərdən biri idi. İslahatlarda kadr hazırlığı əsas diqqət mərkəzində idi və bu istiqamətdə böyük işlər görüldü”.

ONA-nın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib.

Müdafiə naziri qeyd edib ki, kadr hazırlamaq üçün ilk növbədə şərait yaratmaq lazımdır: “Müxtəlif təlim mərkəzləri, hərbi məktəblərdə imkanlar olmalıdır. O cümlədən xaricdə təhsil, təcrübə mübadiləsi məsələləri var. Bu istiqamətlərin hamısında islahatlar aparıldı, islahatlar davam edir. Hətta müharibə vəziyyətində olan dövlətlərin təcrübələrindən istifadə edirik. Biz böyük təcrübəsi olan qardaş Türkiyənin təcrübəsindən istifadə edirik”.

Z.Həsənov nəzərə çatdırıb ki, kadr hazırlığı sistemli şəkildə qurulub: “Biz aparıcı dövlətlərin hərbi akademiyalarının təcrübəsindən istifadə edirik. Hərbi poliqonlarımız bu islahatlar nəticəsində qurulub. Xüsusi təyinatlı hərbi qoşunların birində belə poliqonların birinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə oldu. Bu, böyük, kompleks bir məsələdir, kompleks şəkildə də həyata keçiririk. 10-dan çox aparıcı dövlətin hərbi akademiyalarında, məktəblərində mütəxəssislərimiz təhsil alır, müəllimlərimiz təcrübə mübadiləsində iştirak edirlər. Bunların nəticəsində kadr məsələsinin əksər qismi həll olunub. Keçmişlə də müqayisə aparmaq olar. Bu gün müxtəlif vəzifələrdə çalışan zabitlərin biliyi və təcrübəsini, nəhayət, əsas amil olan Vətəninə sadiqliyi, hər an canından keçməyə hazır olmasını xüsusi qeyd etməliyəm. Biz bu istiqamətdə Prezidentin rəhbərliyi ilə uğurlu işlər görürük. Zabitlər hər dəfə yüksək vəzifəyə təyin edilməzdən əvvəl təbii ki, Ali Baş Komandana məruzə edilir, həmin şəxsin bildiyi, bacarığı dərindən öyrənilir, sonra qərar qəbul edilir. 5 min, 10 min nəfərə, 20 min nəfərə rəhbərlik edən, mühüm qərar qəbul edən insan gərək bilikli, bacarıqlı, vətənpərvər olsun”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR