Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur.
ONA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib:
"Həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq. Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir. Qeyd edək ki, hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.