Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstan Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib, önünə əklil qoyub.
Sonra general-polkovnik N.Sadıkov bolqarıstanlı həmkarı general Andrey Botsev ilə görüşüb.
Qonaqları salamlayan general A.Botsev vurğulayıb ki, Bolqarıstan Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan ilə Bolqarıstan arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.
Bolqarıstana səfərindən məmnunluğunu bildirən general-polkovnik N.Sadıkov ölkələrimiz arasında hərbi münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini xüsusi qeyd edib.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahədə mövcud əməkdaşlığın perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.