Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilir.
ONA-nın xəbərinə görə, görüş Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunub. Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Tədbirin sonunda brifinq keçiriləcək.
Nazirlər görüşdən əvvəl Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarı və "Əbədi məşəl" abidəsi önünə gül dəstələri düzüblər.
Sonra hər üç ölkənin müdafiə naziri ümummilli Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət ediblər.