“Keçən il Azərbaycan Silahlı Qüvvələrinin ən yeni hərbi texnika, o cümlədən yüksək dəqiqlikliyə malik raket sistemləri, pilotsuz uçan aparatlar, radioelektron qurğularla təchiz edilməsi diqqət mərkəzində olub”.
ONA-nın məlumatına görə, bunu bu gün baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirib.
N.Məmmədov deyib ki, Silahlı Qüvvələrin ötən il Naxçıvanda keçirdiyi uğurlu əməliyyatı nəticəsində Günnüt yaşayış məntəqəsi işğaldan azad edilib: “Keçən il müdafiə sənayesi müəssisələrində 1200 növə qədər 250 milyon manat dəyərində məhsul istehsal edilib”.
Baş nazir qeyd edib ki, 2018-ci ildə cəmiyyətin müxtəlif təbəqələri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 8,4 milyon manat pul köçürülüb, Fonddakı vəsaitlərin məbləği 96,8 milyon manata çatıb.
Qeyd edək ki, 1 mart 2019-cu ilə olan məlumata görə, Silahlı Qüvvələrə Yardım Fondunda 97.647.955,09 manat, 213.577,88 dollar, 15.736 avro və 5000 rubl toplanılıb.