İyunun 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.
Bu barədə ONA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.
Bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən DSX-nın rəisi, general-polkovnik Elçin Quliyev Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olduğunu xüsusi vurğulayıb, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olduğunu bildirib.
Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilib.
Qeyd olunub ki, 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min m2 sahədə inşaat işləri aparılıb, xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mənzil, tibb məntəqəsi, texniki təyinatlı binalar, su anbarı inşa olunub.
Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.