• HƏRBİ

    12:19 16 may 2019

Ukraynada insult keçirən Milli Qəhrəman Zabit Quliyev yaxında vətənə dönəcək

Ukraynada insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicəsinin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülməsi ilə bağlı Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi mətbuat konfransı keçirib.

ONA xəbər verir ki, konfransda şəhid və Milli qəhrəmanların ailəsi, zabitlər, qazilər iştirak edib.

Konfransda çıxış edən Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov Zabit Quliyevin səhhətində bağlı yaranmış problemdən danışıb: "Mayın 7-də Milli Qəhrəman Zabit Quliyevi ümummilli lider Heydər Əliyevlə bağlı keçirilən tədbirlə bağlı Ukraynaya göndərdik, ayın 9-da o, qəflətən insult keçirdi. Biz ayın 10-da bununla bağlı Prezidentə məktub göndərdik. Milli Qəhrəman Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürüldü və Ukraynadakı səfirliklə bağlı əlaqə saxlanıldı. Hazırda 188 Milli Qəhrəman ailəsi, 17 Milli Qəhrəman var. Bir Milli Qəhrəmanımıza göstərilən qayğı bütün Milli qəhrəmanlarımıza göstərilən qayğıdır. Mən bununla bağlı Azərbaycan dövlətinə, xalqımıza və ölkə başçısına təşəkkür edirəm. Ümid edirik ki, Zabit Quliyev sağlamlığına qovuşaraq vətənə dönəcək".

Konfransda Skype vasitəsilə Milli Qəhrəmanla canlı bağlantı qurulub. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Zabit Quliyevin müalicəsi aparılıb, hazırda vəziyyəti yaxşıdır və yaxında sağlam şəkildə ölkəyə dönəcək.

Xatırladaq ki, 1975-ci ildə Kürdəmirin Ərəbxana kəndində anadan olan Zabit Quliyev 1993-cü il Milli Orduya çağırılıb. O, Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində vuruşub, düşmənin zirehli texnikalarını dəfələrlə sıradan çıxarıb. 1995-ci il aprelin 4-də Azərbaycan Prezidenti tərəfindən Zabit Quliyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR