Bakı Konqres Mərkəzində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub.
ONA-nın xəbərinə görə, tədbirdə Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə və digər qonaqlar iştirak ediblər.
Aprel döyüşləri ilə bağlı silsilə tədbirlərin keçirildiyini vurğulayan Ü.Mehdiyev bildirib ki, aprel zəfər ilə Ermənistanda dövlət çevrilişinin əsası qoyuldu: "Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq bizim tərəfimizdədir".
A.Rəhimov və F.Cəfərov şəhidlərin xatirəsinin daim əziz tutulduğunu, hörmət və ehtiramla yad edildiyini vurğulayıblar.
Sonra aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan və şəhidlərin ailə üzvlərinin xatirələrinin əks olunduğu videolar nümayiş olunub.
Tədbir tanınmış incəsənət xadimlərinin ifasında "Vətən bizə əmanətdir" bədii kompozisiyası ilə davam etdirilib.
Sonda şəhid ailələrinin üzvlərinə "Azərmarka" MMC tərəfindən şəhidlərimizin adına hazırlanmış markalar təqdim olunub.