Sabah Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək.
ONA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində müdafiə naziri Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin Müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edəcək.
Müdafiə naziri general-polkovnik Z.Həsənovun BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri Jan Pyer Lakrua və toplantıda iştirak edən digər ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi, eləcə də ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının gələcək perspektivləri müzakirə olunacaq.