"Vətən, millət, dövlət məsələsində cılız maraqlar kənara qoyulmalıdır. Biz hamımız bir olmalıyıq. Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq saldılar və nəticəsi göz önündədir".
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir bildirib ki, sosial şəbəkələrdə onun haqqında yazılar yayımlanır: "Ermənilərin xüsusi xidmət orqanları boş dayanmırlar. Mənim adıma səhvlərlə dolu saxta raport hazırlayıblar. Biz araşdırma aparırıq və məlum olur ki, sosial şəbəkələrdə bizim əleyhimizə yazanların 90 faizi ermənilərdir, onlar azərbaycanlı adı altında qeydiyyatdan keçiblər".
Z. Həsənov onun ermənilərin hədəf dairəsi düşməsinə də münasibət bildirib. O qeyd edib ki, Şuşa ilə bağlı flaşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub: "Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?! Bir də bu Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir. Bunlardan az yazmaq lazımdır".