Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən quş qripi xəstəliyi ilə bağlı növbəti monitorinq həyata keçirilib.
Agentlikdən ONA-ya verilən məlumata görə, monitorinq fevral ayının 25-dən mart ayının 1-dək ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı həyata keçirilib.
Qida Təhlükəsizliyi Agentliyi, Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşlarının və mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.
Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanmaqla, seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialları və qeyd edilən rayonlarda yerləşən ailə təsərrüfatlarından alınan 240 baş müxtəlif növ ev quşunun qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün təhvil verilib.
Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.