ABŞ-ın Çikaqo şəhərində birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə forumun məqsədi həm Azərbaycanda, həm də ABŞ-ın nəhəng kənd təsərrüfatı ştatlarından olan İllinoys ştatında fəaliyyət göstərən kənd təsərrüfatı üzrə sahibkarları bir araya gətirməklə tərəflər arasında aqrar sahədə əməkdaşlığın yaradılması, məhsuldarlığın artırılması ilə bağlı ABŞ istehsalı olan texnologiyalarla, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq edilən yeni metodlarla tanışlıqdır.
Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışaraq, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında böyük rola malik olduğunu qeyd edib. Nazir aqrar sahənin inkişafının ölkəmizdə prioritet olduğunu diqqətə çatdırıb. O, ABŞ tərəfi ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirərək, forumun iştirak edən şirkətlər üçün əlavə imkanlar yaradacağını deyib.
Forum çərçivəsində ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı ticarət və investisiyaların təşviqi perspektivləri, mövcud çətinliklər müzakirə edilib.
Sessiyalar çərçivəsində kənd təsərrüfatı sahəsində təhsil və bacarıqların artırılması, texniki peşə təhsilinin əhəmiyyəti, habelə aqrobiznes sahəsində innovativ texnologiyaların və metodların tətbiqi, kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri, yeni suvarma üsulları və bu sahədə mövcud texnologiyalar barədə geniş müzakirələr aparılıb. ABŞ aparıcı kənd təsərrüfatı şirkətləri – “John Deer”, “Lindsay Corporation” və digərləri öz qabaqcıl təcrübələri və texnologiyaları barədə təqdimatlar edib, Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətini bildiriblər.
Forum çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov USAID-in administratorunun müavini Brok Bierman və kənd təsərrüfatı inkişafı sahəsində ixtisaslaşmış CNFA təşkilatının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ölkəmizin kənd təsərrüfatı sahəsində prioritetləri, mövcud durum və qarşıda duran strateji hədəflər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.