"Abşeron" qaz yatağının işlənməsi çərçivəsində Fransanın “Total” şirkəti və "Saipem Contracting Netherlands BV", "Boshelf LLC" və "STAR GULF FZCO" şirkətlərində ibarət konsorsium arasında olan müqaviləyə əsasən, infrastrukturun yaradılması üzrə işlərin başa çatdırılması və istismara verilməsi 2020-ci ilin üçüncü rübünə planlaşdırılıb.
ONA-nın neft-qaz bazarında fəaliyyət göstərən mənbəyə istinadən verdiyi məlumata görə, sozügedən müqavilə yatağda layihə işlərinin aparılmasını, infrastrukturun satın-alınması, istehsalı və dəniz şelfində quraşdırılmasını, uzunluğu 34 kilometr olan 12-düymlük istehsal xəttinin işə salınması və sınaqdan keçirilməsinə yardım edilməsini nəzərdə tutur.
Mənbənin sözlərinə görə, nəzərdə tutulan cədvələ əsasən, müqavilə üzrə bütün obyektlərin istismara verilməsi 2020-ci ilin avqust ayınadək gözlənilir.
"Müqaviləyə əsasən, dəniz sahəsindəki işin yerinə yetirilməsi üçün “İsrafil Hüseynov” borudüzən, “Qurban Abbasov” kran, həmçinin, "Topaz Arrow" yardımçı gəmiləri cəlb ediləcək", - deyə mənbədən bildirilib.
Hazırda "Abşeron" yatağında "ABŞ-001" ilk hasilat quyusu qazılır.
"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% - lahiyənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.
Yatağın ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir.